Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Xalq yaradıcılığı

 

Xalçaçılıq

Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül - çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.

XIII - XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. Incə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.

Xovsuz xalçaların növləri. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir.

Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür.

- Palas - Cecim - Ladı - Kilim - Şəddə - Vərni - Zili – Sumax

Azərbaycan xalçaçılıq məktəbləri. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1. Quba,

2. Bakı yaxud Abşeron,

3. Şirvan,

4. Gəncə,

5. Qazax,

6. Qarabağ

7. Təbriz

 

Bədii tikmələr

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaratmışdır və onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətlər qədimdən mövcuddur. O, bədii sənətin müxtəlif növlərini əhatə edir, onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verən bütün bu bədii yaradıcılıq növlərinin hər birindən bu gün də böyük məhəbbətlə istifadə olunur.

Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişlərə gedib çıxır və xalqın mədəniyyətinin varisliyini sübut edir. Azərbaycanda naxış salmanın müxtəlif növlərinin yayılmağa başlamasını arxeoloji materiallara əsasən müəyyənləşdirmək mümkündür. Bədii tikmələrdəki ornamentlərin analoqu olan sadə elementləri - düz və sınıq xətləri, ziqzaqları, nöqtəvi ornamentləri, dairəcikləri, üçbucaqları, rombları erkən bürünc dövrünün (Azərbaycanda eramızdan öncə III minilliyə aid) saxsı qablarında izləmək mümkündür.

Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir.

Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər.

Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. Quşları adətən ya bir-biri ilə sevişən, ya da bir-birindən küsmüş şəkildə təsvir edirlər. Hər iki motivi xalq sevgi və ayrılığın simvolu kimi izah edir. Heyvanlar aləminin təmsilçilərindən bədii tikmələrdə daha çox ceyranlar, tısbağalar, ilanlar-əjdahalar, atlar və s. təsvir edilirdilər.

 

 

Milli geyimlər

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.

 

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış eradan əvvəl V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. Eradan əvvəl III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Bakı şəhərindəki Şirvanşahlar sarayı (XV əsr) yanındakı məqbərədə aparılan həfriyyat işləri zamanı qiymətli xara və ipək parça qalıqları aşkara çıxarılmışdı.

Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbələrinin olması burada orta əsr şəhərlərində ipək və yun parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdır.

XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Şamaxı Şabran, Ərəş, Qəbələ, Cavad, Ağdaş və s. ilə birlikdə Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən biri idi. Bu haqda məşhur səyyah Adam Oleari yazırdı: "Onların (şirvanlıların) əsas məşğələsini iplik, ipək və yun toxuma və müxtəlif tikmə işləri təşkil edir". Şamaxıda istehsal olunmuş tafta, fata və darayı parçaları xüsusi şöhrət tapmış, zərif baş örtüklərinə və başqa toxuma məmulatlarına isə böyük tələbat vardı.

 

Bədii metal

Azərbaycan xalq sənətinin çox qədim və zəngin ənənələri vardır.

Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazidən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başlayır. Bu zaman qurğuşun, qalay, marqans metallarının kəşfi Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc dövrünün başlanması ilə bağlıdır.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş.

Bu dövrdə tuncdan düzəldilmiş məmulatlar öz dəqiq işlənməsi və bəzən çox orijinal formalarda olmalarına baxmayaraq, əsasən bəzəksiz idi. Abidələr içərisində öz orijinal forması və dəqiq işlənməsi ilə Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı tunc maral fiqurunu göstərmək olar. Qədimdə metal əsas etibarı ilə dini xarakter daşıyan bədii sənət əsərlərinin düzəldilməsində istifadə olunduğuna görə, çox guman ki, maral bütövlükdə bu ərazidə yaşayanların pərəstiş etdikləri totem imiş.

Tuncdan düzəldilmiş qədim dövr abidələrimiz içərisində öz bədiiliyi və sənətkarlığı baxımından diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki zoomorf rəsmləri və naxışları ilə adamı valeh edir.

 

Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və geyimləri ilə yaxından tanış ola bilərik. Belə sənət nümunələri içərisində Mingəçevirdən tapılmış e.ə. VIII-VII əsrlərə aid başı möhürlü tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Bu möhürlərin üzərindəki şirlə vuruşan adam, nizə və qalxanlı döyüşçü və oda sitayiş edən şəxsin təsvirləri hər şeydən əvvəl, o zamankı dövrün geyimləri və insanların adətləri haqqında bizdə təsəvvür yaradır.

Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, silah və məişət əşyalarının eynisinə yunan alimi Strabonun (e.ə. 63-19) Qafqaz əhli haqda verdiyi məlumatlarında da rast gəlirik. Həmin dövrdə Cənubi Azərbaycanda metal emalı daha yüksək səviyyəyə çatmışdır.

 

Miniatürlər

Azərbaycan miniatürəsi Yaxın və Orta Şərq xalqlarının incəsənəti tarixinin ən maraqlı səhifələrindən birini təşkil edir.

Mə’lumdur ki, Şərq xalqlarının miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əlaqədə olmuş, onun təsiri nəticəsində inkişaf etmişdir. Mübaliğəsiz demək olar ki, antik mifologiya qədim yunan sənəti üçün olduğu kimi, klassik Şərq poeziyası da müsəlman Şərqinin miniatür üçün tükənməz mənbə olmuşdur.

Dünya ədəbiyyatının dahi şairlərindən Firdovsi və Nizaminin, Sə’di Hafizin, Cami və Nəvainin, Xosrov Dəhləvi və klassik şərq poeziyasının başqa görkəmli ustalarının ölməz əsərləri rəssamların tükənməz ilham mənbəyi olmuş, onların sənətini qabaqcıl, humanist ideyalarla, ədəbiyyət qazanmış füsunkar obrazlarla zənginləşdirmildir. Firdovsinin məşhur «Şahnamə» epopeyası, Nizaminin məhəbbət lirikası, romantik və fəlsəfi-didaktik poemaları rəssamların yaradıcılığına daha qüvvətli tə’sir göstərmiş, onları dini təssəvürdən, asketizmdən uzaq, dünyəvi hissləri, ülvi məhəbbəti tərənnüm edən misilsiz sənət əsərləri yaratmağa ruhlandırmışdır.

Klassik şərq poeziyası miniatür sənətinin nəinki məzmununu və ideya istiqamətini müəyyənləşdirmiş, eyni zamanda onun bədii forması və ifadə vasitələrinin inkişafına da tə’sir göstərmişdir. Bu poeziyanın yüksək obrazlar aləmi, zəngin və zərif dili, forma və vəzn müxtəlifliyi, şə’riyyəti, musiqi ahəngi rəssamlara poetik təsvir dilinə uyğun gələn bədii forma, şərti dekorativ üslub, obrazlı ifadə vasitələri tapmağa geniş imkan yaratmışdır.

Məhz buna görədir ki, Yaxın və Orta Şərq miniatürləri bədii forması və üslubuna görə bir sıra oxşar cəhətlərə malikdir. Lakin illüstrə edilən poetik mətnin ümumiliyindən və miniatür sənətinin öz spesifikasından doğan bu yaxınlıqla bərabər, hər xalqın sənəti ancaq ona xac olan xüsusiyyətləri ilə seçilir ki, bu da həmin xalqın ictimai həyatı, estetik fikri və bədii təfəkkürünün inkişaf xarakteri ilə şərtlənir. Ərəb ölkələri, İran, Azərbaycan, Türkiyə və Orta Asiya miniatürlərinin oxşar və fərqli, ümumi və özümlü xüsusiyyətlərə malik olması da bununla əlaqədardır.

 

 Daş plastikası

Daş insanların məişətində ən qədim və təbii sərvətlərdən biri sayılır. İbtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan hazırlanmışdır. O insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynamışdır. Əbəs deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzaq keçmişlərdən tutmuş bu günədək daşı həmişə müqəddəs saymışdır. Alimlərimizin fikrincə, Azərbaycan ərazisində illahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa, qayaya, mağaralara sitayiş, daşdan müalicə vasitəsi kimi istifadə etmək Azərbaycanda geniş sürətdə yayılmışdı. Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək, onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. Keçmişin yadigarı sayılan bu abidələr hazırda bizi daha çox bədii və estetik xüsusiyyətləri ilə maraqlandırır. Onlar xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti, dünyagörüşü və zövqü haqda geniş mə’lumat verir.

Yurdumuzda daşdan düzədilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma, yonma, çızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə hələlik alimlərimiz Ordubad (Gəmi qayası), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizinin sahilindən bir qədər aralı Qobustan qayaları üzərində rast qəlmişlər.

Təxminən eramızdan əvvəl IV minillikdən tutmuş əsrimizin əvvələrinədək müxtəlif dövrlərdə yaradılmış bu sənət əsərləri öz məzmunu, bədiiliyi ilə diqqəti cəlb edir.

Daşı oyma, yonma, cızma üsulu ilə bəzəməkdən Azərbaycanda orta əsrlərdə də geniş istifadə edilmişdir. Əldə olan materiallar göstərir ki, orta əsrlərdə daş üzərində oyma, yonma, cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkk etməklə bərabər, xlaq ustaları daşdan müxtəlif məzmunlu heykəllər də düzəldirdilər.

Orta əsrlərə aid edilən plastik sənət nümunələrimiz içərisində daş insan fiqurları əsas yer tutur.

Son illərdə, əsasən Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış bu monumental plastik sənət nümunələri alimlər arasında böyük maraq oyatmışdır. Şamaxının Dərə-Xınıslı və Dağkolanlı kəndləri yaxınlığından tapılmış heykəllər üslub e’tibarı ilə bir-birinə bənzəsə də, ayrı-ayrı vəziyyətdə və ölçüdə düzədilmiş müxtəlif tipli kişi fiqurlarını əks etdirir. Şamaxıdan tapılmış fiqurların ən böyüyünün hündürlüyü 2,23 metr, ən kiçiyinin isə 1,35 metrdir.

 

Geniş məlumat üçün

www.mct.gov.az

new banner