Məsafəyə görə axtar:


Left Baner ecity_baner
  • Bizə üzv ol

Şəki Tarixi

Mənbələrin verdiyi məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10-15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (488—531) tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildəşah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi.

Şəkinin XVII əsr memarlığı da müəyyən əhəmiyyətə malik idi. Övliya Çələbinin verdiyi məlumata görə, daşdan tikilmiş gözəl Şəki qalası təpəlikdə yerləşirdi. Qalanın “Şirvan” və “Gəncə” adlanan iki darvazası vardı. Şəhərdə 3 min ev, 7 məscid vardı ki, bu məscidlərdən bazar meydanında yerləşən Mirzə Əli məscidi və qaladakı iki məscid daha çox diqqəti cəlb edirdi. Şəhərin karvansaraları, hamamları və kiçik bazarı var idi. XVII əsrdə Şəki şəhərində 20 min nəfərin yaşadığı ehtimal edilir.

1747-ci ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə İran - başqa sözlə Qacariyyə dövləti, Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.

Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra sonra - 1824-cü ildə, onun keçmiş ərazisində, yəni Şəki əyalətində, əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi.

Kaptalizmin inkişafı dövrandə şəhər inzibati cəhətdən məhəllələrə bölünürdü.

1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı. 

 
Şəkinin planı
 
Yuxarı Karvansara
 
Şəki
 
Şəki şəhərindəki məscidlərdən biri

Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.

2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşmişdir: Şəki Şəhər İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanmışdır. Baş Plana əsasən bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur.

new banner