Distance:


Left Baner ecity_baner
  • Newsletter

Music

Azərbaycanın musiqisi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən - Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III - I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi-Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

Azərbaycan musiqi tarixinin ilk mərhələsini aşıq-ozan sənəti təşkil edir. Öz yaradıcılığında müğənni sənətkarlığı ilə şair, bəstəkar yaradıcılığını birləşdirən aşıq-ozan sənəti janr və forma zənginliyi ilə musiqi janrının əsasında durur.

Növbəti mərhələni klassik musiqi-muğamlar təşkil edir. Keçmişin klassik musiqi sərvətlərinin - muğamların yaradıcıları və qoruyucuları olan sazəndələr, xanəndələr yüksək sənətkarlıq məһarəti ilə fərqlənirlər. Qədim köklərə malik olan klassik irs olan muğam musiqisinin yaradıcıları - xanəndələr və sazəndələrin sənəti bu gün də yaşayır və fəal inkişaf edir.

 

Azərbaycan xalq mahnıları

Mahnı çox sevilən musiqi janrıdır. Azərbaycan xalqının həyatı, mübarizəsi, zərif -bəşəri duyğuları, sevinc və kədəri xalq mahnılarında öz əksini tapmışdır. Azərbaycan xalq mahnılarının hamısı klassik muğamlara əsaslanmış, onlardan bəhrələnmişdir.

Ən qədim mahnılar “Çoban avazı”, “Tutu nənəm”, “Sağım mahnısı”, “Çiçək şumla yeri”, “Şum nəğməsi”dir.

 

Muğam

Şərq xalqlarına mənsub milli musiqi formasıdır. Şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan musiqisinin yeddi əsas muğamı var: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı- Şiraz”, “Hümayun”.

Muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir. Muğamı tarzən (tar), kamançaçı (kamança), xanəndədən (dəf) ibarət trio (üçlük) ifa edir.

Azərbaycan xalq çalğı alətlərində solo səslənən muğamlara isə “instrumental muğamlar” deyilir.

Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır. Bu onların milli özünəməxsusluğunu şərtləndirən cəhətdir.

Fikrət Əmirov 1948-ci ildə “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yazmaqla dünya musiqi ədəbiyyatında simfonik muğam janrının əsasını qoydu. Görkəmli bəstəkar və drijor Niyazinin “Rast” (1949) simfonik muğamı da bu janrda yaradılmış əsərdir.

 

Oyun havaları

Rəqslər tarixi keçmişlə bağlıdır. Bu oyun havaları xalqın həyatı, məişəti öz təcəssümünü tapır. Azərbaycan rəqs sənətinin müxtəlif növləri və janrları var. Xalq rəqslərinin əksəriyyəti kişi və qadın rəqsləridir. Lakin cüt (duet) rəqslərə də təsadüf olunur. Müəyyən miqdar iştirakçıdan ibarət kollektiv rəqslər də var. Ənənəvi kişi-qadın rəqsləri şən və nikbin xarakterə, cəld tempə malik olur. “Qazağı” rəqsi buna misal ola bilər. “Qazağı”nın musiqisi öz coşqunluğu və nikbinliyi ilə seçilir. Rəqs tədricən yeyinləşir və çox iti tempdə bitir. Qadın rəqsləri öz təmkinliyi, daxili sakitliyi, aramlılığı ilə fərqlənir. “Uzundərə”, “Halay”, “Gülgəz”, “Yüzbir”, “İnnabı”, “Bağdagüllü”, “Vağzalı” belə rəqslərdəndir. “Uzundərə” adətən toy mərasimlərində, gəlin köçərkən ifa edilən qədim rəqslərdəndir. Bu rəqsin musiqi ölçüsü 8/6-dır. “Uzundərə” lirik, ifadəli və cazibəli melodiyaya malikdir. Bu lirik rəqsdən Ü. Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasında (Məşədi İbadın kupletlərində) istifadə etmişdir.

Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, “Qaytağı”, “Cəngi”, “Qazağı”, “Xançobanı” və b.

 

Xanəndəlik

Xanəndəlik xalqın mənəvi aləminin ifadəçisi olan xalq musiqisini və muğam sənətini təbliğ etmək, yaşatmaq və qoruyub saxlamaq sənətidir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında bir çox görkəmli xanəndələrin adları dərin iz salmışdır. Bu xanəndələr musiqi sənətinin bir çox janrlarının inkişafında aparıcı qüvvə olmuşdur. Şifahi ənənəli musiqi mədəniyyəti xəzinəsini öz yaratdıqları nadir sənət inciləri ilə zənginləşdirən xanəndələrin, eyni zamanda, Azərbaycan operasının yaranmasında və bəstəkar yaradıcılığının genişlənməsində böyük xidmətləri olmuşdur.

Azərbaycan klassik musiqisinin yaranması

Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar.

Professional klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur.

30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.

30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir klassik musiqi bstəkarları yetişmişdir. S. Rüstəmov “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s., T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələrdir.

 

Aşıq sənəti

Aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlamışdır.

Aşıq sənəti xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir.

Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır.

Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı epik janrdır-yəni dastanlardır, xüsusilə də qəhrəmanlıq dastanları. Dastanlarda vokal-instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir.

Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur. Bu "gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr oluna bilər. Aşıq mahnılarının bir hissəsi qəm, kədərlə dolu ("Yanıq Kərəmi", "Dilqəmi" kimi), digər hissəsi isə "Əfşarı", "Şərili" kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.

Aşıq yaradıcılığında nəsihətamiz mahnılardan ibarət ustadnamə janrı da maraqlıdır.

Milli poeziyanın janrları olan qoşma,gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın poetik formaları olan təcnis,cığalı təcnis aşıqların sevimli şeir formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər.

Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu dördlük (kuplet) formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.

Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər.

Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır.

Caz musiqisi

Caz musiqisinin əsas qollarından olan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulmuşdur. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət idi. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi.

Böyük Vətən Müharibəsi qurtarandan sonra “Dövlət cazı”nın rəhbəri Rauf Hacıyev olmuşdu. Amma 1950-60-cı illərdə Sovet Sosialist Respublikası İttifaqının (SSRİ) Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurdu. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər.

Estrada musiqisi

Estrada – incəsənətin müxtəlif istiqamətlərini özündə birləşdirən musiqi növüdür. Estradada musiqi, illüziya, rəqs, danışıq tərzi və sirk hərəkətlərini özündə birləşdirə bilir.

Azərbaycanda Estrada musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir.

1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (ADEO), 1957-ci ildə “Biz Bakıdanıq” estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri, 60-cı illərdə “Qaya” kvarteti (sonralar vokal-instrumental ansamlı oldu), 1968-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (ADMT), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (ADESO) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (Rauf Atakişiyev, Lütfiyar İmanov) təsiri olmuşdur. Rəşid Behbudov, Müslüm Maqomayevin, Polad Bülbüloğlu yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.

Şövkət Ələkbərova, Gülağa Məmmədov, Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, Elmira Rəhimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Mübariz Tağıyev, Hadı Hadıyev, Akif İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.

 

Meyxana

Meyxana Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrdir. Əsasən, Bakı kəndlərində geniş yayılmışdır.

Onu adətən iki və daha artıq şair-müğənni müaşirə şəklində bədahətən söyləyir. Meyxana janrının özünəməxsusluğu, kolorit əlvanlığı daha ifadəlı, dərindir. Meyxanaya bu təkraredilməz görkəmi verən amil - müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkili meyxana janrının qədim tarixə malik olduğunu göstərir.

Təkcə XX əsr ərzində meyxana janrı üç inkişaf mərhələsi keçmişdir. Bu mərhələlər Azərbaycan xalqının həyatında son dərəcə mürəkkəb, ziddiyyətli hadisələrlə dolu dövlərə təsədüf edir. 1920-ci il aprel inqilabından sonrakı dövrdə yeni idealogiyanın yayılması üçün meyxanaya geniş meydan verilmişdir. Meyxana "Tənqid-tətbiğ" teatrının repertuarında və ümumiyyətlə bədii ədəbiyyatda, o cümlədən səhnə əsərlərində mövqe qazanmışdır.

1941-1945 illər müharibə dövründə meyxana xalqın sirdaşına çevrilir, ona ürək-dirək verir, ümidini inamını, etiqadını artırırdı.

Keçən əsrin 90-cı illərindən başlayaraq meyxana üçünçü inkişaf mərhələsinə qədəm qoymuşdur. Lakin ölkə müstəqillik yoluna qədəm qoyduğu bir zamanda meyxana janrına artıq keyfiyyətcə yeni münasibət bəslənir: telekanallarda meyxana yarışları keçirilir, ustad sənətkərları el şənliklərinə dəvət olunur, meyxana topluları nəşr edilir və nəhayət, meyxana tədqiqat obyektinə cevrilir.

Meyxana - xalq şeirinin müasir dövrdəki davamı, inkişafıdır. Hər dövrün öz meyxanası var. Zamanın nəbzini tutan, onu yaradan mühitin koloritini əks etdirən bu janr həmişə folklorla bağlı olmuş, daim xalqın arzu və istəklərini əks etdirmiş, dövrün çatışmazlıqlarını qamçılamışdır.

Meyxana janrının quruluş və struktur baxımından bir-birindən seçilən növləri vardır:

a) qafiyəli meyxanalar

b) rədifli meyxanalar

v) beyt meyxanalar

q) qafiyəsiz meyxanalar, bədihələr

 

Rep

Azərbaycanda 1990-cı illərdən etibarən tanınmağa başlanan bu janr xalq tərəfindən elə də böyük rəğbətlə qarşılanmamışdı. Milli Qəhrəman Çingiz Mustafayevin Azərbaycanda repin inkişafında, tanınmasında rolu əvəzsizdir. Bundan əlavə, Çingiz Mustafayev Azərbaycanda ilk disko-klubun yaradacısıdır. O vaxtlar klublarda Snap, Dr.Alban kimi məhşur zənci reperlərin mahnıları səslənirdi. Beləliklə də, Çingiz Mustafayev zənci repinin Azərbaycana gətirən ilk insan kimi adını tarixə yazdırmış oldu.

Daha sonra isə “Kasıbların mahnısı” adlı mahnısı ilə Anar Nağılbaz Azərbaycan dilində ilk repi yaratdı. 1993-cü ildə isə A.Nağılbazın kütləyə təqdim olunan albomu gözləniləndən daha çox marağa səbəb oldu. Artıq bu janra hər kəsdə maraq yaranmağa başlamışdı. Vətənpərvər musiqi yarışmasında qalib gələn “Dəyirman” daha sonra “Ya Qarabağ, Ya Ölüm” adlı mahnısı ilə populyarlıq qazandı.

Elşad Xosenin “Həyat dəyişilməzdir” adlı albomu da repsevərlər tərəfindən maraqla qarşılanmışdır.

2000-ci ildə Anar Nağılbaz “Azeri Image Service” adlı layihəsi ilə istedadlı gəncləri öz ətrafına toplamışdır. Bu layihədən Azərbaycanda ilk reper qız kimi tanınan Mc.Rain repin sadəcə oğlanlar üçün yaranmadığını sübut etdi.

2001-2002-ci illərdə yeni bir reper Uran (İbrahim İbrahimov) Azərbaycan rep aləminə qədəm qoyur.

“Dəyirman” qrupundan başqa, 2002 –ci ildə “Uran”, 2009-cu ildə isə “Xaos” rep qrupları yaranmışdır.

 

Rok

Azərbaycanda rok musiqisi 1966-75-ci illərdə geniş yayılmışdır. O zamanlar gənclər Qərb rok musiqisini radio dalğalardan dinləyirdilər. Daha çox keyfiyyətli musiqi dinləmək istəyən gənclər “Led Zeppelin”, “Beatles”, “Animals” kimi qruplara qulaq asırdılar. Universitetlərdə, mədəniyyət evlərində, məktəblərdə rok qrupları yaradılırdı. Bir çoxları da xarici dillərdə ifa olunmuş musiqilərin sözlərini anlamaqda çətinlik çəkirdilər, buna görə də ifa edərkən bəzən original sözlərdən istifadə etmirdilər.

Azərbaycan musiqi mədəniyyəti böyük olan bir ölkə olduğundan Qərbdən gələn bu musiqi növünü heç bir xüsusi nəzarətdə saxlamırdılar. Komsomol Komitəsi (KK) rok festivallarının əsas təşkilatçısı idi. Bununla belə, hər konsert üçün kommunist şüarı uydurmaq lazım gəlirdi.

1960-70-ci illərdə “Eksulap” (Tibb Universiteti), “Xürrəmilər” (İqtisad Universiteti), “Rəng” kimi rok qruplar yarandı və gənclər tərəfindən sevildi. 70-ci illərdə nisbətən Qərb musiqisinin təsirindən çıxıb və öz musiqi stilini yaradan qruplar daha çox idi. Bunlara “Cür-bə-cür” (Cahangir Qarayevin rəhbərliyi ilə), “Brevis”, “Üç od” aid edilə bilər.

Azərbaycan Rok musiqi stilinin yaranmasında 2 qrup başlıca rol oynayıb. Bunlar “Ekspriment Ok” və “Aşıqlar” (Elxan Şixəliyevin rəhbərliyi ilə) qrupudur. “Aşıqlar” öz musiqisində ud, tar və kamançadan istifadə edirdi. Elxan Şixəliyev həm də “Ekspriment OK” qrupunda saksafonda ifa edirdi. “Unformal” qrupu isə 2001-ci ildə “BIC Fest 01″ festivalında ən yaxşı rok qrup kimi Qızıl Aypara Mükafatına layiq görülmüşdür. Hətta orada ifa etdiklər “I hope you’ll be there” kompozisiyasını Amerikanın radiostasiyaları səsləndirmək istəsələr də, musqiqinin səs keyfiyyətləri aşağı olduğu üçün baş tutmamışdır.

Hazırda Azərbaycan Rok musiqisinin auditoriyası zəifdir. Ancaq bununla belə, qruplar fəaliyyətini davam etdirir, tez-tez xarici ölkələrdə konsert proqramları ilə çıxış edirlər.

 

Uşaq mahnıları

Azərbaycan musiqisi əsərlərinin ən geniş yayılmış növlərindən biridir. A.Zeynallı “Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Bundan sonra bir çox Azərbaycan bəstəkarı yaradıcılığı boyu uşaq mövzusuna müraciət etmişdir.

 

Vokal

Hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqi irsi də başlıca olaraq, vokal, instrumental və vokal-instrumental musiqidən ibarətdir.

Azərbaycanda milli vokal sənətinin elmi-praktiki inkişafı vokal məktəbinin banisi Bülbülün adıyla bağlıdır. Azərbaycan vokal məktəbinin inkişafı milli vokal folklorunun toplanması və öyrənilməsi işi ilə sıx əlaqədardır. Bu məqsədlə 1932-ci ildə Elmi-Tədqiqat Musiqi Kabineti təsdiq edilmişdir.

Məşhur vokalist olan Bülbül 1921-ci ildə təşkil olunmuş Azərbaycan Dövlət Milli Konservatoriyasında ilk azərbaycanlı tələbə kimi vokal təhsili almış, burada rus və Avropa klassik musiqisini öyrənmiş, dünyagörüşünü genişləndirmişdir. Moskva və Peterburq şəhərlərinə qastrol səfərləri zamanı isə dinlədiyi görkəmli rus müğənnilərinin, xüsusilə Sobinov və Şalyapinin yaradıcılığı ona çox böyük təsir göstərmişdir. 1927-ci ildə isə Bülbül vokal sənətinə dərindən yiyələnmək üçün İtaliyaya getmiş, burada 4 il dövrünün tanınmış musiqiçilərindən dərs almış, məşhur italyan müğənnilərinin yaradıcılığından bəhrələnmişdir. Bülbül Azərbaycan musiqisində yeni səhifə açmış, onun yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olmuşdur.

 

Geniş məlumat üçün

www.mct.gov.az

www.azerbaijan.az

new banner