расстояние:


Left Baner ecity_baner
  • Newsletter

İncəsənət

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur.

Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.

Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.

Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır.

Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.

Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.

Geniş məlumat üçün

www.mct.gov.az

new banner